

|
31-08-08 |
آذربایجان کولتور اوجاغی/کولن |
Registeriert:Amtsgericht Köln 20AR49/88 |
E-mail : [email protected]
|
20 YANVAR |
|
1990-cı ilin 20 Yanvarından etibarən 20 Yanvar günü kədər, hüzn günü kimi qeyd olunur. Ancaq 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı, acı ilə xatırlanacaq gün deyil, həmçinin şərəf günüdür. Xalqımız həmin gün üstünə şığıyan kabusa qarşı sinə gərməyi və deməli, özünün mənliyini, mətinliyini nümayiş etdirməyi bacardı. Həmin hadisələr göstərdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman verdi. Lakin fərman qırğın törədib əhalini qorxutmaq üçün xalqdan gizlədildi. Əhaliyə əlavə məlumat verilməsin deyə, yanvarın 19-da axşam dövlət televiziyasının enerji bloku partladıldı. Yanvarın 19-dan 20nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı qırğın törətdi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, neçə-neçə insan itkin düşdü. SSRİ rəhbərliyinin əmri ilə Azərbaycan komunist rejimini saxlamaq və azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. Qanlı Yanvar a etiraz olaraq 40 günlük tətil başlandı. Bakının zəbt olunması DİN-nin, DTK-nin və müntəzəm Sovet ordusunun hissələrilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Udar adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı ALFA və SSRİ DTK-sının A təxribat qrupları oynayırdı. Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyyətindən, cinsindən asılı olmayaraq insanlara atəş açıldı. Qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu. Öldürülənlərin arasında 5 millətin nümayəndələri var idi. Bu fəlakətli gecədə əsgərlər yaralılara qarşı mərhəməti unundaraq, xəstəxanalarda işıqları söndürdülər, təcili yardım maşınlarına atəş açırdılar, ağır yaralıları yerindəcə qətlə yetirirdilər, cərrahiyyə otaqlarında həkimləri öldürürdülər. Hətta vəhşiliklərinin izini itirmək üçün meyitləri yandırıb, gizlədirdilər. Məhz buna görə respublikada yüzlərlə adam itmiş hesab olunur. Qanlı Yanvarın indiyənədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Bakıya yeridilmiş qoşun kontengentinə,-bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı,-döyüş tapşırığınıyerinə yetirmək üçün möhkəm psixolji hazırlıq keçmişdilər. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda rus və erməni kartından məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, millətçi ekstremistlər tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Sovet rəhbərliyinin dəlilləri həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən dırnağadək silahlanmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Qorbaçovun fərmanı qüvvəyə minənədək-yanvarın 20-də saat 00-dək 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Qorbaçovun Azərbaycana ezam etdiyi emissarlar isə bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş qırğından xəbər tutdu. O vaxtki sovet imperiyasının ideoloji ruporu olan Pravdaqəzeti isə 22 yanvar tarixli nömrəsinə yazırdı: Fövqəladə vəziyyətin elan olunması üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır... Yanvar faciəsinin ertəsi günü Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi. Yanvarın 20-də bu vəhşiliklərə Bakı Ali hərbi məktəbinin milliyyətcə müxtəlif bir neçə yüz nəfər kursantı etiraz əlaməti bildirdilər Salyan kazarmasında olan hərbi sursat anbarının bir hissəsini ələ aldılar. Bundan başqa meyitlərin və yaralıların dənizlə başqa yerə aparılmasını eşidən 50-yə yaxın mülki gəmilər və neft tankerləri Bakı buxtasını dövrəyə aldılar onlar Sovet ordusunun hərbi gəmiləri tərəfindən atəşə məruz qalırdılar. Şəhər cəbhə xəttini xatırladırdı. İki milyonluq şəhərin, harada ki, neft, qaz istehsal olunur üstündə raketlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Bütün ərzaq anbarlarını ələ alaraq, dükanlara aparmağı qadağan edirdilər. Dərmanların çatışmamazlığından (Moskva dərmanların gətirilməsinə imkan vermirdi) yaralılar ölürdü. 1990-cı ilin yanvarın 22-də Sovet hərbçilərinin binaların başında yerləşdirdiyi pulemyotların ağzı altında, günahsız güllələnmiş qurbanları 2 milyona yaxın xalq axırıncı yola saldı. Bakı öz oğlan və qızlarını: azərbaycanlıları, rusları, yəhüdiləri və başqa millətlərin nümayəndələrini yola salırdı. Dağlıq parkda Şəhidlər xiyabanı yerləşir. Burada Azərbaycanın azadlığı və ərazi bütövlüyünün suverenliyi uğrunda öz canlarını qəhrəmancasına qurban vermiş şəhidlərin qəbirləri yerləşir. Şəhidlər xiyabanına bütün Azərbaycan xalqı səcdə edir. Hər il yanvarın 20-də Azərbaycan xalqı keçmiş SSRİ başçılarının: Qorbaçovun, Yazovun, Bakatinin, Primakovun, Kryuçkovun sayəsində şəhid olmuş vətəndaşlarımızın xatirəsini yad edir. İstintaq komissiyasının verdiyi məlumata görə bu əməliyyatda iyirmi min hərbçi, yüzlərlə tank başqa zirehli hərbi texnika, hərbi-nəqliyyat təyyarələri və bir neçə növ (HHQ, DİN, DTR) hərbi hissələrin hərbçiləri iştirak etmişlər. 20 Yanvar günü Azərbaycanda baş verən hadisələr bütün dünya ölkələrinə məlum olsa da, sadəcə susurlar. Biz Azərbaycanlı olaraq bu hadisələrə biganə qalmamağınızı istəyirik...
|